Təməl bacarıqlardan spontan nitqə gedən yol

Uşağın nitqinin formalaşması sadəcə söz öyrətməkdən ibarət deyil.Sadəcə əzbər formada öyrədilmiş sözlər anlama-qavrama olmadan heç bir əhəmiyyət daşımır. Əksər hallarda inkişaf ləngiməsi olan uşaqlara bu formada öyrədilən sözlər exolaliyaya(təkrarlanan nitq) gətirib çıxarır ki, bu da çox çətin və uzun müddətli korreksiya tələb edən prosesdir.

Spontan (öz-özünə yaranan, təşəbbüslü) nitq — uzun və mərhələli inkişaf yolunun nəticəsidir. Bu yolun başlanğıcı isə çox zaman valideynlərin düşündüyündən daha sadə, amma daha vacib bacarıqlardan keçir.
1.⁠ ⁠Təməl bacarıqlar nədir?
Spontan nitqin formalaşması üçün aşağıdakı təməl bacarıqlar mütləqdir:

Diqqətin idarə olunması (bir obyektə və ya şəxsə fokuslanma)
Göz kontaktı
Diqqətin paylanması, sinxron izləmə (uşaq və böyüyün eyni obyektə fokuslanması)
Təqlid bacarığı (motor-hərəkət, səs və davranışları təkrarlamaq)

Anlama (reseptiv nitq)
Bu bacarıqlar olmadan uşaq sadəcə sözləri əzbərləyə bilər, amma onları məqsədli və spontan şəkildə istifadə edə bilməz.
2.⁠ ⁠Nitqə aparan gizli pillələr
Çox vaxt valideynlər “uşaq danışmır” deyə narahat olur, amma əslində problem danışmaqda deyil, aşağıdakı mərhələlərdə olur:
İstəyini jestlə bildirir, amma sözlə yox.
Sözləri yalnız təkrarlayır. (exolaliya)
Yalnız sual veriləndə cavab verir.
Öz təşəbbüsü ilə ünsiyyətə girmir.
Bu hallarda məqsəd “söz artırmaq” deyil, ünsiyyət ehtiyacını formalaşdırmaqdır.
3.⁠ ⁠Spontan nitq necə yaranır?
Spontan nitq aşağıdakı hallarda inkişaf edir:
İstək məqsədli-nə isə istəyəndə
Uşaq diqqətini bölüşmək istəyəndə
Uşaq emosiya ifadə edəndə
Uşaq sosial qarşılıq gözləyəndə
Yəni nitq — ehtiyacdan doğur. Əgər uşaq hər istədiyini sözsüz əldə edirsə, danışmağa motivasiyası azalır.
4.⁠ ⁠Praktik yanaşmalar
Spontan nitqi artırmaq üçün:
Uşağın istədiyini dərhal verməyin — ünsiyyət üçün fürsət yaradın
Sadə və funksional sözlərdən başlayın (ver, al, aç, yox)
Oyun zamanı model olun (məsələn: “top ver”, “maşın getdi”)
Uşağın jest və səslərini sözə çevirin
Hər cəhdini müsbət qarşılayın (tam düzgün olmasa belə)
5.⁠ ⁠Ən vacib mesaj
Spontan nitq birdən-birə yaranmır. Bu, düzgün qurulmuş təməl bacarıqların, səbrin və düzgün yanaşmanın nəticəsidir.
Valideynlər unutmamalıdır ki: Uşağın ilk müəllimi də, terapevti də elə valideynin özüdür.

Zümrüd Xaliqova. Psixopedaqoq, İnclusive Edu Academy nin təlim-tədris üzrə direktor müavini

You May Also Like

Öz uşaqlarının inkişafı ilə həddindən artıq narahat olan valideynlər tez-tez kəkəlməni bəzi uşaqlarda rast gəlinən fizioloji iterasiyalarla qarışdırırlar. “Fizioloji iterasiyalar” termini...
Şüurun inkişaf səviyyəsindən asılı olaraq, yetkin insan uşaqla üz-üzə gəldikdə, üç əsas strategiya ilə reaksiya verir: 1) Yetkin insan uşağın ehtiyaclarına...
Əvvəlki yazımda qeyd etdiyim əlamətlər  0-18 yaş aralığında uşaqlarda müşahidə olunarsa, bu uşaqlar risk qrupuna daxildir. Valideyin uşağın diqqətini özünə...