Rəsm uşaqlar üçün sadəcə bir oyun və ya məşğuliyyət deyil. O, uşağın duyğularını, düşüncələrini və daxili aləmini ifadə etdiyi ən təbii vasitələrdən biridir. Bəzən bir rəsm uşağın demədiyi,ailənin əhəmiyyət vermədiyi çox məsələləri üzə çıxarır.Bu baxımdan rəsm analizi psixologiya və psixopedaqogikada mühüm diaqnostik və inkişafetdirici üsul kimi istifadə olunur.Çəkilən şəkillər uşaqların daxilini əks etdirməklə yanaşı onların incəsənətə olan marağını ortaya çıxarır,həmçinin uşaqlarda estetik zövq formalaşdırır.
Rəsm analizi nədir?
Rəsm analizi uşağın çəkdiyi şəkillərin sistematik şəkildə şərh olunması prosesidir. Burada rəng seçimi, fiqurların yerləşməsi, ölçülər, detallara yanaşma və mövzu seçimi kimi elementlər nəzərə alınır. Məqsəd uşağın emosional vəziyyəti, sosial münasibətləri və inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə etməkdir.
Rəsm analizinin əsas faydaları
1. Emosional vəziyyətin üzə çıxarılması
Uşaqlar bəzən yaşadıqları qorxu, narahatlıq və ya sevinci sözlə ifadə edə bilmirlər. Rəsm vasitəsilə isə bu hisslər daha açıq şəkildə ortaya çıxır. Məsələn, tünd rənglərin üstünlük təşkil etməsi və ya təkrar olunan mövzular uşağın daxili gərginliyindən xəbər verə bilər.
2. Ünsiyyət bacarıqlarının inkişafı
Rəsm üzərindən aparılan söhbətlər uşağın özünü ifadə etməsinə kömək edir.
3. Davranış problemlərinin erkən aşkarlanması
Aqressiya, qorxu və ya sosial çəkilmə kimi problemlər bəzən rəsmlərdə simvolik şəkildə əks olunur. Eyni zamanda davranış problemlərinin altında yatan səbəbləri ortaya çıxarmağa imkan verir.Vaxtında aparılan analiz bu problemlərin erkən mərhələdə müəyyən edilməsinə və müdaxilə planının hazırlanmasına imkan yaradır.
4. Yaradıcı və koqnitiv inkişafın dəstəklənməsi
Rəsm analizi uşağın düşünmə, planlama və təsəvvür qabiliyyətlərini qiymətləndirməyə kömək edir. Eyni zamanda, bu proses uşağın yaradıcılığını stimullaşdırır və özünə inamını artırır.
5. Digər faydalar
- Gördükləri işdən zövq almalarını təmin edir. Uşaq bir işi bacarmağın,tamamlamağın həzzini yaşamağı öyrənir.
- Emosional zəkanı və empatiyanı gücləndirir.
- Şəxsiyyətin formalaşmasına kömək edir.
- İnnovativ və kreativ düşünmə qabiliyyətini inkişaf etdirir.
- Analiz-sintez bacarıqlarına yiyələnmələrinə kömək edir.
- Xəyal dünyalarının sərhədlərini genişləndirməyi öyrədir.
Rəsmin psixoloji əhəmiyyəti
Uşaqların çəkdiyi rəsmlər şüur və şüuraltının ortaq məhsuludur. Onlar insanları,detalları,hadisələri hiss etmədən qabarıq şəkildə əks etdirirlər. Hər yaş dövründə uşaq rəsmləri müxtəlif mənalar ifadə edir.
Yaş dövrlərinə görə uşaq rəsmləri
2-4 yaş dövrü
Uşaq rəsmləri 2-4 yaş dövründə qaralama məşqləri ilə başlayır. Bu məşqlər uşaqlarda kiçik motorikanı gücləndirir,əl-göz koordinasiyasını inkişaf etdirir. Qaralama dövründə uşaqların rəsmləri reallıqla əlaqəli olmur. Bu yaş dövründə insan rəsmi yalnız baş və ondan çıxan əl-ayaqdan ibarət olur.
4-7 yaş dövrü
Bu yaş dövründə uşaq rəsmləri baş,bədən,əllər və ayaqlardan ibarət olur. Daha müşahidəçi uşaqlar isə digər detalları da vurğulayır.
7-9 yaş dövrü
Bu yaş dövründə uşaqlar daha çox detala yer verirlər.Həmçinin şəkillər daha mənalı və simvolik olur.
9-12 yaş dövrü
Bu yaş dövründə uşaq rəsmlərində detallar,rənglər,ölçülər reallığa uyğun olur.
Sonda onu da vurğulayım ki, uşaq rəsmləri qətiyyən zəka testi kimi tətbiq oluna bilməz. Bu rəsmlər sadəcə onların daxili dünyasına açılan bir pəncərədir.
Zümrüd Xaliqova. Psixopedaqoq, İnclusive Edu Academy nin təlim-tədris üzrə direktor müavini.