Öz uşaqlarının inkişafı ilə həddindən artıq narahat olan valideynlər tez-tez kəkəlməni bəzi uşaqlarda rast gəlinən fizioloji iterasiyalarla qarışdırırlar. “Fizioloji iterasiyalar” termini latın dilindəki iteratio (təkrarlanma) sözündən yaranmışdır. Məktəbəqədər yaşlı uşaqlarda nitqin formalaşma dövründə eşitmə və nitq-hərəkət analizatorlarının fəaliyyətinin qeyri-kamilliyi nəticəsində nitqin aşağıdakı xüsusiyyəti müşahidə edilir: uşaqlar bəzi səsləri və ya hecaları təkrarlayırlar. Özləri isə bu cür hadisələri hiss etmirlər.İterasiya dövrü nitq nəfəsinin müəyyən xüsusiyyətləri ilə müşayiət olunur. Uşaq nitq ifadəsinə nəfəs aktının istənilən fazasında başlaya bilər: nəfəs alarkən, nəfəs verərkən, nəfəs vermə və nəfəs alma arasındakı fasilədə. Uşaqların nitq ifadələri tez-tez ifadəli vegetativ reaksiyalarla müşayiət olunur: qızarma, nəfəslənmənin tezləşməsi (tənginəfəslik), ümumi əzələ gərginliyi.
Bu cür iterasiyalar normal nitq ünsiyyətinə mane olmur.İterasiyalar frazalı nitqin formalaşma dövründə ən kəskin şəkildə özünü göstərir. İterasiyaların və hava alma ilə nitqin birgə baş verməsi altı aydan çox müşahidə olunarsa kəkəlmənin qarşısının alınması məqsədilə korreksiya-pedaqoji işə başlamaq lazımdır.
Adətən, iterasiyalar nitq inkişafının hipersensitiv fazalarında yaranır. Bu, uşağın geniş frazalı nitqə aktiv yiyələndiyi dövrdür(2,5-3,5 yaş). 5-6 yaş dörü normada kontekstual nitqin, yəni mətnin müstəqil yaradılmasının formalaşdığı zamandır.
Yadda saxlamaq lazımdır ki, iterasiyalar həmişə tutulma, qıcolma (suduroqa) xarakterli olmur!
Uşaqlarda əsnəmə zamanı qıcolmaların meydana gəlməsi faktının özü nitqin patoloji funksional sisteminin yaranmasına dəlalət edir. Kəkəlmənin sonrakı gedişatı çox böyük dərəcədə uşağın sinir sisteminin kompensator imkanlarından və valideynlərin düzgün hərəkətlərindən asılıdır. Hər hansı emosional həyəcanlanmanın güclənməsi mərkəzi sinir sisteminin vəziyyətini pisləşdirir, nitqin patoloji funksional sisteminin möhkəmlənməsinə kömək edir.Əgər uşağda kəkəlmə yaranıbsa, valideynlərin əsas vəzifəsi: qoruyucu nitq rejimi yaratmaq və uşağın həyatını ritmləşdirməkdir.
Tez-tez uşağın kəkəlməsi uşaq qorxuları fonunda nevrozun yaranması nəticəsində meydana gəlir. Bu halda art-terapiya vasitələri köməyə gələ bilər, onlar uşağın şüuraltına təsir etməyə, onu qorxulardan xilas etməyə imkan verir.
Əgər uşaqda tutulmalar, kəkəlmə meydana gəlibsə valideynlər nə etməlidir?
Adətən, aşağıdakı qaydalara ən az iki həftə, bir ay ərzində riayət etmək tutulmaların yox olmasına, xroniki kəkəlmənin yaranmasının qarşısının alınmasına kömək edər.Lakin, göstərilən tövsiyələrin yerinə yetirilməsi müddətində bir həftə ərzində yaxşılaşma görməsəniz, loqopedə müraciət etmək lazımdır.
Nitq inkişafının normadan sapmaları hallarında: o cümlədən, nitq inkişafının sürətlənməsi istiqamətində, göstərilən tövsiyələrə uşağın bütün məktəbəqədər dövrü ərzində riayət etməyə çalışmaq lazımdır.
Hörmətli valideynlər, yadda saxlayın, kəkəlməni həmişə korreksiya etməkdənsə asanlıqla qarşısını almaq olar!

1) Uşağın qıcolması meydana gəlməsi səbəbindən yaranan narahatlığınızı göstərməmək; uşağın yanında yaranmış problemi müzakirə etməmək.
2) Uşağın yuxu və qidalanma rejimini normallaşdırmaq: uzadılmış yuxu arzuolunandır. Bu dövrdə uşağın gün rejimini maksimum “rituallaşdırın”.
3) Əgər kəkəlmənin yaranmasına ətraf mühit səbəb olubsa, onu daha sakit bir mühitlə əvəzləməyə çalışın.
4) Uşaq danışmağa başlayanda onu kəsməyin, dayandırmayın.
5) Öz nitqinizə nəzarət edin: fasilələr edərək sərrast danışın. Bu dövrdə heç bir halda uşağa qışqırmayın!
6) Uşağın tıxanmalarını gücləndirən və ya provokasiya edən situasiyaların, mühitlərin, ətrafda olan insanların siyahısını tərtib edin. Siyahınıza düşənlərdən qaçmağa çalışın.
7) Kəkəlmənin kəskin başlanğıcında televizora baxılmasınıvə kompüter oyunlarını tamamilə qadağan edin (o cümlədən ailənin digər üzvləri uşağın yanında televizora baxmamalıdır).
8) Nevrotik gərginliyinin aradan qaldırılmasına su və qumla oyunlar (qışda — qarla) kömək edir.
9) Bu dövrdə tənqidi qeydlər bildirməməyə (mümkün qədər), uşağa sual verməməyə çalışın.
10) Əgər uşaq kəkəlməyə başlayıbsa, uşaqdan uzun müddət ayrı qalmamağa, onunla mümkün qədər çox vaxt keçirməyə çalışın.
11) Bir müddət somatik yüklənmələrə də yol verməmək lazımdır: əsasən döyüş idman növlərinə getməyin.
12) Ailədə razılaşdırılmış, vahid tərbiyəvi təsirlər xüsusilə vacibdir.
13) Uşaqları “cəsur olmağa öyrətmək” lazım deyil. Uşağın qorxularının möhkəmlənməsini və güclənməsini provokasiya etməyin.
14) Uşağı nitq qüsurlarına görə cəzalandırmaq, onu ələ salmaq və ya əsəbiləşərək düzəltmək olmaz.
15) Uşağın yaranmış qorxularından xilas etmək üçün onların üzərində fokslanmaq lazımdeyil. Əvəzində vanna otağında kafel üzərində nəyinsə onu qorxutduğunu təsvir etmək olar, sonra uşaq duşun suyu ilə bu təsviri yuya bilər.
16) Uşağın vəziyyətinin müxtəlif rəngli boyaların istifadəsi yolu ilə harmonizasiyası vacibdir. Daha açıq tonlu boyalar ilə təsvirin çəkilməsi uşağın vəziyyətini yumşaldır. Sarı rəng canlandırır, zehni sahəni aktivləşdirir, mavi emosiyaları sakitləşdirir. Birgə rəsm çəkmədə qara, boz, qəhvəyi rənglərdən istifadə etmək lazım deyil.
17) Həddindən artıq qorxuların öhdəsindən gəlmək üçün böyük formatlı kağız vərəqlərində və geniş fırça ilə rəsm çəkmək, qatı boyadan istifadə etmək, əllərlə rəsm çəkmək faydalıdır.
18) Kəkəlmənin profilaktikası üçün uşada evdə baş verən hadisələrə müsbət münasibətin formalaşdırılmasını stimullaşdırmaq faydalıdır.Bu məqsədlə valideynlərə gündəlik həyatında uşaqla birgə xoş situasiyaların yaradılması (ad günü, birgə gəzinti, nənə kökə bişirir) tövsiyə olunandır.
19) Gün rejimində ritmin təşkili, eləcə də mövcud ola biləcək diqqət çatışmazlığının aradan qaldırılması üçün uşağın fəaliyyətini cədvəl şəklində “günün vizual təşkili”ndən istifadə etmək faydalıdır.
20) Uşaqlarla uşaq mahnılarını öyrənmək, uşaqla birlikdə oxumaq faydalıdır.
21) Arzuolunandır ki, uşaq ilə sözlü kontakt aradan qaldırılsın, onun yerinə sözsüz kontakt (ən azı iki həftə ərzində) istifadə edilsin. Uşaq ilə ünsiyyətdə şəkillər, piktogramlar, simvol əşyaları aktiv istifadə edilsin. Lakin əgər uşaq danışmağa başlayırsa, ona qadağa qoymaq olmaz, yalnız onun monoloji nitq formasını dialoji nitqə çevirməyə çalışmaq lazımdır.
22) Əgər uşaq hər hansı tələblərinizin yerinə yetirilməsinə qarşı çıxırsa, onun diqqətini başqa fəaliyyətə yönəltmək lazımdır.
23) Kəkəlmənin kəskin başlanğıcında uşaq üçün hər hansı emosional-əhəmiyyətli situasiyalardan qaçmaq lazımdır: məsələn, uşağın uzun müddət görmədiyi nənəgilə səfər; uşaq bağçasına ilk getmək.
24) Uşağdan “çətin” sözləri, cümlələri, qrammatik strukturu uzun və mürəkkəb olanları tələb etməmək; kəkəlmənin kəskin başlanğıcında səsləndirmə korreksiyası üzrə məşğələlər aparmamaq.
25) Fizioloji və fonasion nəfəsin inkişafı üçünhər gün nəfis gimnastikası aparmaq lazımdır. Əsas vəzifə: hava alma həcminin və havanı vermə müddətinin artırılmasıdır.
26) Uşaqlara qısa, sadə şeirləri oxumaq və əzbərləmək faydalıdır, onlar uşağın yaşına uyğun seçilməlidir.
27) Uşaqlara oxunacaq kitabların seçimi məhdud olmalı və ciddi şəkildə yaşauyğun olmalıdır. Miqdarın çoxluğuna can atmayın. Uşağa bir həftə ərzində bir nağıl oxumaq daha yaxşıdır, lakin müxtəlif kitablardan fərqli nağıllar olmasın.
28) Hər gün ritmləşdirilmiş hərəkətlər ilə hərəkət oyunları aparın.
29) Məktəbə daxil olma dövründə bəzi uşaqlarda kəkəlmənin yenidən təkrarlanması baş verə bilər. Valideynlər məktəbdə müəllimləri mövcud problem barədə xəbərdar etməlidir. İlk vaxtlar uşağa suallar vermək olmaz, əgər uşaq susursa, cavab verməyə israr etmək, ondan geniş şifahi cavablar tələb etmək olmaz. İlk vaxtlarda kiçik şagirdi sinifdə yalnız şeir oxumağa çağırmaq tövsiyə olunur.
30) Kəkəlmənin yenidən təkrarlanmasınınqarşısının alınması üçün: somatik və ya infeksion xəstəliklərdən sonra uşağın zəifləməsi hallarında qoruyucu ümumi və nitq rejiminin aparılması zəruridir.
Günay İsmayılova
“İnclusive Edu Academy” şirkətinin rəhbəri, İnklüziv təhsil mütəxəssisi, ADPK-nin müəllimi
Mənbə: https://gencaile.az/